Rusiyaya casusluq edən politoloq haradadır?

 16:59 07.03.2024     456

Xarici ölkəyə casusluqda ittiham olunaraq, ötən ilin oktyabrın 20-də Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən, ictimaiyyətdə politoloq kimi tanınan Nəzakət Məmmədovanın həbs müddəti fevralda başa çatırdı. Buna baxmayaraq, fevralın 20-də onun haqda heç bir məlumat yayılmadı.

Redaktor.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakim-spikeri Rəna Qafarova axar.az-a açıqlamasında bildirib ki, N.Məmmədova haqqında oktyabrın 20-də mediada yayıldığı kimi, 4 aylıq deyil, bir aylıq həbs qətimkan tədbiri seçilib.

"Noyabr ayının 19-da isə istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb", - R.Qafarova bildirib.

Qeyd edək ki, Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.