Cağırışçıya 5 min 700 manata hərbi bilet vədi verən şəxs TUTULDU

 12:02 12.03.2024     643

Çağırışçıya saxta hərbi bilet düzəldəcəyi vədi verərək pul alan şəxs tutulub.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Əsgərov Xəlil Ənvər oğlunun qanunsuz hərəkətləri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 min 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.