""Stimul Hospital"ın cəlladları anamı öldürdülər" - Jurnalistdən ilginc İDDİA - YENİLƏNİB
Jurnalist Fərahim Qasımov anasının vəfatı ilə bağlı yeni paylaşım edib.
Redaktor.az həmin paylaşımı təqdim edir:
"Anam Bahar Qasimova bu gün İstanbul NS Klinikasi Baku-dan sistem köçürülməsi üçün Stimul Hospital-a gedib. Getməmişdən anamla danışmışdım. Vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. SH-a gedərkən, tibb bacısı Mələk Abbasovaya (ya da Məleykə, adını tam xatırlamıram) deyib ki, qızım, qızdırmam var. Bəlkə dərman verəsiz, qızdırmam düşsün, sonra sistemi qəbul edim. Tibb bacısı deyib ki, narahat olmayın, keçib gedəcək. Tibb bacısı iynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb, gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər. Həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq (Video şərhdə). Qonşum deyir ki, heç bir aparata qoşmamışdılar. Həmin vaxt sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik ananı görmək istəyəndə, bizi hətta xəstəxanadan çölə çıxardılar.
İ.Hüseyn atama deyib ki, xanımınız keçinib, təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında dedi ki, mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur. Mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İ.Hüseyn hospitalda olub.
Prokurorluğun Kamran adlı əməkdaşı mənimlə telefonda danışığında dedi ki, məsələ araşdırılacaq, narahat olmayın.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi , Azərbaycan Respublikasının Baş Prokurorluğu TƏBİB Elşad Hacıyev, sizdən xahiş edirəm, hadisə düzgün araşdırılsın".
***
17:47
""Stimul Hospital"ın cəlladları anamı öldürdülər!".
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Fərahim Qasımov sosial şəbəkədə paylaşım edib. O, anasının sözügedən xəstəxanada həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini yazıb.
"Dünən heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlanış etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi, məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib", - deyə jurnalist bildirib.