Bakıda binada baş verən yanğın söndürüldü, 50 nəfər təxliyə olundu

 23:07 31.03.2024     304

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. İlkin məlumata əsasən, onaltımərtəbəli yaşayış binasında şaxta boyunca 30p.m elektrik naqilləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 15-i azyaşlı olmaqla 50 nəfər bina sakini təxliyə olunub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə girişdə qoyulan məhdudiyyət aradan qaldırılıb.