Azərbaycanda FETÖ-çünün məhkəməsi başladı

 15:05 01.04.2024     210

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilənlərdən biri - Döyrüş Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Redaktor.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.

D.Cəfərov Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddət təşkilatın təbliğatını aparmaq, gənclərin təşkilata üzv olması istiqamətində addımlar atmaqda təqsirləndirilir.

Onun ünvanında aparılan axtarışlar zamanı FETÖ ideyalarını yayan radikal dini sənədlər, o cümlədən FETÖ ideyalarından bəhs edən slayd və odlu silah tapılıb.

Qeyd olunan əməllərə görə, ona qarşı Cinayət Məcəlləsinin 167.1-ci (dinə etiqad etməyə məcbur etmə) və 228-ci (qanunsuz soyuq silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Müttəhim Cəfərov ittihama münasibətdə özünü təqsirli bilməyib. Deyib ki, onun sözügedən məsələlərdən xəbəri yoxdur: “FETÖ işi ilə bağlı digərləri tutulanda mən Almaniyanın Frankfurt şəhərində idim. Buna baxmayaraq ölkəyə qayıtdım. Təqsirim olsaydı, qayıtmazdım. Mən ziyalı bir adamam, xarici ölkələrdə təhsil almışam. Mənə aid olan yalnız içində Fetullah Gülən ideyalarından da bəhs edilən slayddır”.

Proses şahid ifadələri ilə davam edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) ötən il FETÖ-yə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyatla FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev həbs ediliblər.