Saxta medal taxıb pul tələb edən “qazi” saxlanıldı - VİDEO

 10:40 08.04.2024     398

Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik olunmasını tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb. 

Redaktor.az xəbər verir ki, onun 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyyən olunub. 

N.Məmmədov tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman bir gözünü itirdiyi görüntüsü yaradaraq qeyd edilən əməlləri törədib. Saxlanılan şəxs, həmçinin tanışlarından birindən əldə etdiyi “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. N.Məmmədov qeyd edilən yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində olub. Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan N.Məmmədov barəsində araşdırmalar davam edir. 

Onun qanunsuz əməllərindən zərərçəkən şəxslər polis orqanlarına müraciət edə bilərlər.