Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...”

 18:53 23.04.2024     513

Bərdədə 23 yaşlı qızı səhər saatlarında, işə gedərkən qaçırıblar.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a onun anası Mahirə Abdullayeva məlumat verib.

O bildirib ki, qaçıran şəxsi qiyabi olsa da tanıyırlar:

“Sahənin yanında çinar ağacı var, həmin yerə çatanda oğlan qızımın qolundan tutub, lakin o oğlanın əlindən çıxıb qaçmaq istəsə də, qaça bilməyib. Qışqırsa da səsinə səs verən olmayıb. Görənlər deyirlər ki, qızı elə aparıblar ki, heç kim heç nə edə bilməyib. Oğlanı qiyabi olaraq tanıyırıq”.

Ailənin narazılığının əsas səbəbi isə Fərhad Rzayevin yaşının çox olması və narkotiklə bağlı məhkumluq yaşamasıdır.

Kəndin bələdiyyə sədri Kazım Hüseynov isə bildirib ki, gənc qız şəxsiyyət vəsiqəsini də götürüb və öz xoşu ilə qaçıb. Qaçıran oğlan subay olsa da, qız nişanlı olub. Nişanlı olduğu şəxslə qız toyu olsa da, oğlan toyu baş tutmayıb və izdivac pozulub.

Bələdiyyə sədri əlavə edib ki, onlar  iki gündür axtarılır hələlik yerləri dəqiq bilinmir.

Qeyd edək ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb. Qızın ailəsi zorla qaçırılan 23 yaşlı övladlarının qaytarılmasını istəyir. Ailə üzvləri hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aprelin 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı şöbəyə müraciət daxil olub. Hazırda müraciət əsasında polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.