Qadını benzinlə yandıran vəzifəli şəxsin oğlu imiş
Tovuzda 24 yaşlı Röyal Tağıyevin Şəmkir sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub.
Redaktor.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan Röyal Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.
Rasim Tağıyev bildirib ki, zərərçəkmiş oğlunu şantaj etmək üçün belə bir əməl törədib: “Oğlum heç kimi yandırmayıb, qadın onu şantaj etmək üçün özü üzərinə benzin töküb, benzin də siqaretdən alışıb. Özü də bunu etiraf edib. Cinayət işi açılıb. Dövlət hər şeyi ədalətli şəkildə həll edəcək”.
R.Tağıyev əlavə edib ki, oğlunun 22, xəsarət alan qadının isə 34 yaşı var: “Oğlumu dəfələrlə şantaj edərək ondan pul istəyib. Pul vermədikdə isə çantasından benzini çıxarıb belə bir əməl törədib. Mənim bundan məlumatım olmayıb, yeni öyrənmişəm. Xanımın müalicəsi hazırda davam edir. Özüm də vəziyyəti ilə maraqlanıram. Onun da balaları var. Sadəcə ağılsızlıq edib. Allah heç kimin başına belə bir iş gətirməsin. Mən o cür oğul böyütmüşəm. Ağıllı, hörmətli, tərbiyəli uşaqdır”.
Qeyd edək ki, ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.