Xocalıda daha 8 nəfərin qalığı aşkar edildi - YENİLƏNİB
Xocalı rayonunun Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.
"Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) aprel ayının 24-də aparılan bərpa-quruculuq və abadlıq işləri zamanı insan qalıqlarının aşkar olunması faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
(https://genprosecutor.gov.az/az/post/7563)
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 2 nəfərə aid sümük fraqmentləri tapılıb, bununla da, aşkar olunan insan qalıqlarının ən azı 8 nəfərə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib", məlumatda deyilir.
Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir.
***
14:34
Aprel ayının 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilib.
İlkin araşdırma zamanı məlum olmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub.
Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.