İmişli İcra Hakimiyyətində nə baş verib?

 10:47 03.05.2024     2839

Aprelin 18-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulunda iştirak edən şəxslərdən biri bir gün sonra saxlanılıb.

Redaktor.az ​“Qaynarinfo”ya istinadən xəbər verir ki, kənd sakini olan 1961-ci il təvəllüdlü, ikinci qrup əlil Z.M icra başçısı çıxış edərkən xəstəliyinə görə onu eşitmədiyi üçün mikrofonla danışmasını istəyib. Bundan sonra icra başçısının göstərişi ilə fermer ön sırada əyləşdirilib və sonadək iclasda iştirak edib.

İclasın başa çatmasından sonra İmişli Rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımov fermerə etdiyi hərəkətə görə etiraz bildirib və aralarında mübahisə yaranıb. Mübahisədən sonra Z.M saxlanılaraq polis şöbəsinə aparılıb.

63 yaşlı fermer izahatında bildirib ki, direktor onun torpaq sahəsinə su verilişini təmin edən boruları çıxararaq bundan sonra suyun verilməsini dayandıracağı ilə hədələyib və əsəbiləşərək onunla mübahisə edib. Fermerə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və aprelin 19-da İmişli Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.M-ə 100 manat cərimə təyin edilib və o sərbəst buraxılıb.

İmişli RİH-dən “Qafqazinfo”ya verilən açıqlamada bildirilib ki, sakinlər görüş zamanı qeyri-etik davranışlar göstəriblər: 

“Rayonun Muradxanlı kəndində təşkil olunan görüş zamanı bir neçə kənd sakini qəbulun formatına və mahiyyətinə uyğun olmayan ifadələr işlədərək qeyri-etik davranışlar nümayiş etdiriblər. Bundan sonra sözügedən şəxslər səyyar görüş təşkil olunan məktəb binasını tərk edib, lakin qəbul bitdikdən sonra yenidən məktəbin ərazisinə qayıdaraq müəssisə rəhbərləri haqqında nalayiq sözlər işlədərək onları təhqir ediblər. Sonra həmin şəxslər mübahisəni münaqişəyə çevirməyə çalışıblar. Bu səbəbdən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun tədbir görülməsi üçün müəssisə rəhbərləri tərəfindən rayonun hüquq-mühafizə orqanlarına müraciət olunub”.

Su kanal İdarəsinin fermeri hədələmək iddiaları ilə bağlı bu qurumla da əlaqə saxladıq. İdarədən saytımıza verilən cavab isə belə oldu: “Azərsu” ASC  əhalini içməli su ilə təmin edir. Sözügedən iddialarla bağlı 4 sayli Su Kanal İdarəsinin bu məsələ ilə aidiyyəti yoxdur”.