Mirdaməd Əzizovun cinayət işi məhkəməyə göndərildi
Güzəştli mənzil almaq adı ilə çoxsaylı vətəndaşın pulunu ələ keçirən Əzizov Mirdaməd Əziz oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaqla Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək sözügedən qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyinə dair yalan vədlər verib saxta sənədlər təqdim etməklə ümumilikdə 26 şəxsə məxsus 430 min manatdan artıq məbləğində pul vəsaitini qanunsuz yolla ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Mirdaməd Əzizova Cinayət Məcəlləsinin dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə, əzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.