Kirayə qaldığı evləri satdı
Bakıda vətəndaş kirayə qaldığı evi sahibinin xəbəri olmadan satıb.
Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Ev sahibibildirib ki, hadisə ötən ilin avqust ayında baş versə də, sonradan xəbər tutublar. Buna səbəb isə kirayənişinin evin aylıq kirayəhaqqını vaxtında ödəməsi olub:
“Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən 13 saylı mənzili Kazımov Rauf Cəfəroviçə yaşamaq üçün kirayə vermişdik. O, evdə ailəsi ilə birlikdə qalacağını bildirmişdi. Lakin sonradan xəbər tutduq ki, evimiz qanunsuz yolla satılıb. Belə ki, mənim adımdan Rusiya Federasiyasının Tümen şəhərində saxta pasport və etibarnamə düzəldilərək mənzil satışa çıxarılıb. Ev anam Leyla Nəbiyevanın adınadır. Nə mən, nə anam indiyə qədər Rusiyada olmuşuq. Sözügedən etibarnamənin saxta olduğu notarius sistemində də qeyd olunub”.
Şikayətçi evin alqı-satqısında iştirak edən hər iki şəxsi dələduzluqda ittiham edib. Onun sözlərinə görə, evi alan şəxs də mənzili yenidən satışa çıxarıb.
Turan Nəbili qeyd edib ki, bənzər halla üzləşən digər vətəndaş da var. Belə ki, oxşar hadisə Rəhim İsmayılov adlı ev sahibinin də başına gəlib: “Rəhim İsmayılov da mənim kimi zərərçəkənlərdən biridir. Onunla hər hansı bir tanışlığım yoxdur. Evimizdə kirayə qalan Rauf Kazımov onun da mənzilini eyni üsulla satıb. Belə ki, Rəhim İsmayılovun evinin qiyməti 340, mənimki isə 300 min manatdır. İstəyirik ki, bu məsələ ictimailəşsin, çünki bu dələduzlar ölkədə bizim kimi bir çox adamı aldadır. Məsələ ilə bağlı polisə də, məhkəməyə də müraciət etmişik”.
Zərərçəkmiş onu da qeyd edib ki, hazırda evi Azər Həsənov adlı şəxsin adınadır. Onun iddiasına əsasən, adıçəkilən vətəndaş əvvəllər məhkumluq həyatı yaşayıb (qafqazinfo).