Ömürlük həbs verilən şəxsin cəzası yüngülləşdirildi
Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Redaktor.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin apellyasiya şikayətləri ilə bağlı qərar elan edilib.
Qərara əsasən, ömürlük azadlıqdan məhrum edilmiş Rauf Hüseynovun cəzası 20 ilə, 20 il müddətinə azadlıqdan məhrum edilən Ceyhun İsayevin cəzası 19 ilə, onun qardaşı - beş il müddətinə azadlıqdan məhrum edilən Ramin İsayevin cəzası dörd ilə endirilib.
İttihama görə, qətl hadisəsi ötən il fevralın 11-də gecə saat 2 radələrində Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetiriliblər.
Daha sonra Ceyhun İsayev, Rauf Hüseynov və Ramin İsayev şübhəli şəxs qismində saxlanılıb.
Rauf Hüseynov və Ceyhun İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və Ramin İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.