Nazirliyin dələduzluq və rüşvət almaqda ittiham olunan sabiq baş redaktoru: "Halallıq istəyirəm"
Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov və digərləri - Gözəl Mustafayeva, Amal Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
Şahid Tural Bahadurzadə bildirib ki, dostu Aqşin Orucluya yaxın adamlarının iş axtardığını deyib: "Aqşin dedi ki, bu məsələdə köməklik göstərə bilər. Bu məqsədlə beş min manat Aqşinə verdim. Rahil Nəcəfovun Təhsil Nazirliyində şöbə müdiri olduğunu bilirdim".
Məhkəmə iclasında şahid qismində dindirilən Aqşin Oruclu deyib ki, Tural Bahadurzadə onun iş yoldaşı olub. Ona yaxın adamının iş axtardığını və bununla bağlı kömək istədiyini deyib. Əmisinin əlaqələri geniş olduğu üçün bu məsələdə əmisindən kömək istəyib.
"Turalın xahişi ilə əlaqədar əmimlə danışdım. Əmim üç gün sonra mənə dedi ki, Təhsil Nazirliyinin redaksiyasında dostu var. O, Turalın yaxınını operator vəzifəsinə düzəldə bilər. Bunun üçün ondan 5 min manat pul istəmişdilər. Məsələni Turala danışdım. Daha sonra həmin pulu Turalın qardaşından götürüb əmimə verdim. O da Rahilə çatdırdı", - şahid deyib.
Digər şahid Vasif Zayidovun sözlərinə görə, bir dostu ondan oğlunu işə düzəltməyə köməklik göstərmək üçün xahiş edib. O, bu məsələdə tanışı Çingiz Bağırova müraciət edib.
"Çingiz Təhsil Nazirliyində şöbə müdiri işləyən Rahil adlı şəxsi tanıdığını dedi. Rahil müəllimlə görüşdük. O, dostumun oğlunu işə düzəltmək üçün sənədlərini istədi və müəyyən adamlara təqdim etdikdən sonra nəsə deyə biləcəyini bildirdi. Daha sonra Rahil müəllim dostumun oğlunu işə düzəltmək üçün beş min manat pul istədi", - V.Zayidov bildirib.
Şahid vurğulayıb ki, o dostunun oğlunu işə düzəltmək üçün pulu öz cibindən verib. Ona dəymiş ziyanı istəmir və məhkəmədə zərərçəkmiş kimi tanınmaqdan imtina edir.
Müttəhim R.Nəcəfov deyib ki, Amal Həsənli ona vergi məsələlərində problem yarandığını və bununla bağlı pul lazım olduğunu bildirib: "Ona görə də aldığı pulun çoxunu Amala verdim. Məhkəmədə zərərçəkmiş kimi tanınan V. Zayidov ona dəymiş ziyanı istəmir. Ona görə də mən ondan halallıq istəyirəm".
Müttəhim A.Həsənli etiraz edərək bildirib ki, R.Nəcəfov Vasif Zayidovdan aldığı pulun dörd min manatını ona verdiyi barədə ifadələri yalandır. O vurğulayıb ki, əgər şahiddən aldığı pulun böyük qismini ona versəydi, indi halallıq istəməzdi.
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəyib.
Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Oruc Söhrab oğlu Əliyev, Rasim Əşrəf oğlu Hüseynov, Xəyalə Akif qızı Məmmədova, Lütviyyə Süleyman qızı Əsgərzadə, Şəfaqət Abdulla qızı Mahmudova, Yeganə Qürvər qızı Qəhtrəmanova, Nəsir Cavanşir oğlu Hüseynov, Qalib Bəhram oğlu Hacıyev, Nigar Oktay qızı Məmmədova, Mərziyyə Allahyar qızı Nəcəfova, Vüsalə Hacı qızı Musayeva, Ülkər Vaqif qızı Neymətova, Pəravən Hacı qızı Məmmədova, Arif Alim oğlu Əsədov, Şəfa Tiflis oğlu Əliyeva, İradə Nizam qızı Avşarova, Nərman Əzizi oğlu Paşayev, Akif Həmzə oğlu Vəliyev, Esmira Seyfəl qızı Fuad, Bəbir Şərqi oğlu, Quliyev, Asif Xanoğlan oğlu Qədirov və Kamran Şahverən oğlu Kazımov zərərçəkmiş qismində tanınıblar.