Qaçırılan qızına görə 3.5 milyon manat tələb edirdi - 33,5 min manat...

 16:42 29.05.2024     381

2021-ci ildə Ağcabədi rayonunda 18 yaşlı qızı zorla qaçıran altı nəfərin məhkəməsi başa çatıb.

Redaktor.az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2000-ci il təvəllüdlü Ramin Allahverdiyev, atası 1968-ci il təvəllüdlü Çərkəz Allahverdiyev, dayısı Ruhid Zeynalov, əmisi oğlu Mütalib Allahverdiyev, əmisi qızı Nərgiz Allahverdiyeva və əmisi oğlunun arvadı Pərvanə Qarayevaya hökm oxunub.

Bildirilib ki, Ramin Allahverdiyev uzaq qohumu olan 2003-cü il təvəllüdlü Röya Tağıyevaya (ad və soyad şərtidir) elçi göndərib. Ailələr ilkin olaraq izdivaca razılaşsa da, sonradan Röyanın ailəsi onların nişanlanmasına qarşı çıxıb və qarşı tərəfə rədd cavabı verilib. Bundan sonra Ramin atası Çərkəz və digər qohumları ilə Röyanı qaçırmaq məqsədilə plan hazırlayıb. Röya Raminin əmisi qızı Nərgiz və digər qohumu ilə bulağa su gətirməyə gedərkən onlar VAZ markalı avtomobillə hücum edərək gənc qızı zorla qaçırıblar. Daha sonra Ramin qızı apardığı ünvanda zorlayıb.

Məhkəmədə zərərçəkmiş tərəf təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini tələb edib. Röya və ailəsi dəymiş zərərə görə Raminə qarşı bir milyon, digər beş nəfərin hər birinə qarşı isə 500 min manatlıq mülki iddia da qaldırıb.

Məhkəmə prosesi bu ayın 22-də başa çatıb. Ramin Allahverdiyev Cinayət Məcəlləsinin 144.3 və 149.2.3-cü (adam oğurluğu və zorlama) maddələri ilə təqsirli bilinib. Ona 13 il həbs cəzası verilib. Raminin atası Çərkəz Allahverdiyev və digər dörd nəfər isə 144.3-cü maddə üzrə təqsirli bilinib. Çərkəzə 11 il 6 ay, Raminin dayısı Ruhidə və əmisi Mütalibə 10 il 6 ay həbs cəzası verilib. Raminin əmisi qızı Nərgiz və əmisi oğlunun arvadı Pərvanəyə isə verilən 10 illik həbs cəzası 2 il müddətinə sınaq təyin edilməklə şərti hesab edilib.

Bundan başqa mülki iddia da təmin edilib. Ramindən 20 min, Çərkəzdən 10 min, Ruhid və Mütalibdən 2500, Nərgiz və Pərvanədən isə 1000 manat pul məbləğinin tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.