Dövlətə vurulan ziyanı ödəməyən xidmət rəislərinə xəbərdarlıq olundu

 16:56 31.05.2024     440

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Redaktor.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə dindirilən bəzi şahidlərin yenidən məhkəməyə dəvət olunduqları məlum olub. Qeyd olunub ki, həmin şahidlərin məhkəməyə təkrar çağırılması dövlətə vurduqları ziyanı ödəyib-ödəməmələrini müəyyən etməkdir.

Məhkəmədə dindirilən şahidlərdən biri Emin Poladov 2015-2020-ci illərdə Cəmşid Naxçıvansiki adına Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Baş Klinik Hərbi Hospitalda və son olaraq “N” saylı hərbi-hissədə maliyyə şöbəsinin rəisi olub.
Məhkəmədə təkrar ifadə verən Emin Poladov bildirib ki, onun tərəfindən dövlətə vurulan ziyan 2 milyon 621 manatdır. Həmin məbləğin 525 min manatını ödəyib.

Şahidin diqqətinə çatdırılıb ki, ziyanı ödəməyənlər istintaq orqanına dəvət olunurlar, barələrində qətimkan tədbirləri seçilir.

Emin Poladov deyib ki, ziyanın yaxın zamanlarda ödənilməsinə çalışır.

Təkrar dəvət olunan digər şahid Elşən Salamov deyib ki, hazırda "N" saylı hərbi hissədə Maliyyə Xidmətinin bölmə rəisi işləyir. Şahid istintaq zamanı 260 min manat ödəniş etdiyini açıqlayıb.
Məhkəmədə məlum olub ki, Elşən Salamov dövlətə 1 milyon 573 min manat ziyan vurub.

Məhkəmədə hər iki şahidə dövlətə dəymiş ziyanın ödənməsinin vacib olduğu bildirilib.

Prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə deyib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Namiq Poladovun dindirilməsi ilə bağlı geniş vəsatəti olacaq.

Proses iyunun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.