Bu rayonda qarayara aşkarlandı

 16:22 07.06.2024     452

Zaqatalada qarayara xəstəliyi aşkarlanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayonun Faldarlı kəndinin 3 sakini iyunun 7-də qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.

Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda bildirilib ki, xəstələrdən biri 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib.

Digər 2 xəstədən - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovdan laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Qeyd edilib ki, hazırda Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.