Türk Hava Yollarından azərbaycanlı aparıcıya hörmətsizlik - Qəribə SƏBƏB...

 16:18 11.06.2024     293

Tanınmış aparıcı Nigar Mahmudovanın başına iş gəlib.

Redaktor.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

N. Mahmudova bildirib ki, "Türk Hava Yolları"nın 01:25 saylı gecə reysinə öncədən bilet alsa da, onu təyyarəyə buraxmaq istəməyiblər:

"Məni içəri buraxmadılar. Dedilər ki, ehtiyat sərnişin kimi qeydə alınmışam. Çünki təyyarə artıq dolub. İzah etməyə çalışıram ki, axı mən bilet almışam, təyyarə necə dola bilər? Deyirlər ki, əgər sərnişinlərdən kimsə gəlməsə, sizi təyyarəyə ala bilərik".

Aparıcı onu da qeyd edib ki, bu hal ilk dəfə baş vermir və sərnişinlərdən təkcə onun başına gəlməyib.

Türk Hava Yollarının Bakı ofisinin əməkdaşı Afiq Rüstəmov isə "teleqraf.com"a açıqlamasında sərnişinin məlumatlarında problemin olduğu halda onun "ehtiyatda olan sərnişin" kimi qeydə alındığını bildirib:

"Məsələn, şəxsin ad-soyadında problem aşkarlanarsa, yetkin insan uşaq bileti alarsa, cinsini səhv seçərsə və bu kimi səbəblər olarsa, o, ehtiyatda olan sərnişin kimi nəzərdə tutulur. Ola bilər ki, təyyarə dolub, amma həmin təyyarədə uçmalı olan bir neçə sərnişin var. Onların yola salınması üçün ehtiyat sərnişinə və ya tək uçan şəxslərə təklif irəli sürülür ki, sizi növbəti reyslə yola salaq. Bunun əvəzində onlara kompensasiya ödənilir. Sərnişin razı olarsa, ona kompensasiya ödənilir və sonrakı reyslə yola salınır".

Türk Hava Yollarının Bakı ofisinin əməkdaşı deyir ki, sərnişin razı olmazsa, heç kim onu yerindən tərpədə bilməz:

"Əksər hallarda sərnişinlər razılaşır və müəyyən məbləğdə kompensasiya alırlar. Kompensasiyanın məbləği müxtəlifdir. Təxminən 400-500 avro arası olur. Biletdən baha da, biletin qiymətində də ola bilir.

Bir hal da var ki, təyyarədə iki sərnişinin ad-soyadı, ata adı təsadüfən eyni ola bilər. Bu da şübhəli məqam sayılır. Ona görə hər iki sərnişin şübhəli hal kimi yoxlanılır".