Dağıstanda vəhşilik - Azərbaycan avtomobilləri YANDIRILIR - VİDEO
Rusiyada "Platon" sistemi ilə ödənişin artırılmasına etiraz edən yük avtomobillərinin sürücüləri bu ölkəyə Azərbaycan ərazisindən gələn Azərbaycan və İran yük avtomobillərinin də sürücülərinin qatılmasını tələb edirlər.
Redaktor.az xəbər verir ki, Azərbaycan və İran sürücüləri bu aksiyaya qoşulmadığından Rusiyada Dağıstan ərazisində, Manas və Babayurt adlanan yaşayış məntəqələrinin arasındakı yolda onların yük maşınları hücuma məruz qalır. Azərbaycan və İran maşınları daşqalaq edilir, təkərləri çıxarılır, vurulub əzilir, yandırılır. Bu vəhşilik nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hücum edənlər Rusiyada magistral yollarda yük daşıyan ağırtonnajlı maşınlardan xüsusi vergi yığan "Platon" şirkətinin tarifləri 25 faiz artıracağını elan etməsinə qarşı tətil edən dağıstanlı sürücülərdir.
Azərbaycanlı və iranlı sürücülər vəziyyətin qorxulu olduğunu, həyatları üçün ciddi təhlükə yarandığını bildirir və müvafiq dövlət orqanlarından təcili tədbirlər görməyi tələb edirlər.
Hazırda Dağıstan ərazisində yük maşınlarının normal hərəkətini təmin etmək üçün xüsusi təyinatlılar cəlb olunub.
Qeyd edək ki, Rusiyada yük maşınlarının sürücülərinin etiraz aksiyası ölkənin bir neçə regionunu əhatə edir.
Onlar nəqliyyat vergisinin və "Platon" sisteminin ləğvini, eləcə də hökumətin istefasını tələb edirlər.