Əməkdar rəssam İsa Məmmədov vəfat etdi
Əməkdar rəssam İsa Məmmədov vəfat edib.
Bu barədə Redaktor.az-a Azərbaycan Rəssamlıq Akademiyasından məlumat verilib.
Qeyd edək ki, İsa Məmməd oğlu Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub.
O, 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu Rəngkarlıq fakültəsini bitirib.
Rəssamın "Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. kimi əsərləri məşhurdur.
Onun Türkiyə Cümhuriyyətində (2009), “Bakı-Berlin” Qalereyasında (2010, Almaniya), Bakıda (2011) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində "Mənim Vətənim" (2016, 2020, Bakı) adlı fərdi sərgisi keçirilib.
Uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib və Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü olub.
İsa Məmmədov 2021-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!