Ailə qatili Əhmədin məhkəməsində insident YAŞANDI - YENİLƏNİB - VİDEO

 12:27 25.06.2024     564

Bakının Xətai rayonunda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Redaktor.az xəbər verirki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Əhməd Əhmədov məhkəməyə polisin müşayiəti ilə gətirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs Əhməd Əhmədova Xətai rayon İcra Hakimiyyəti tərəfindən nümayəndə təyin edilib.

Zərərçəkmiş şəxslərin hər birinə hüquqi varis təyin olunub.

Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib.

Məhkəmə iclasının qaydalarını pozduğu üçün Şəfaqət Bədəlova zaldan çıxarılıb.

İş üzrə müdafiə və zərərçəkən tərəflərdən hər hansı vəsatət verilməyib.

Hakim Əhməd Əhmədovun işin məhkəmə baxışına verilməsinə münasibət bildirməsini istəyib.

Əhməd Əhmədov isə "Nə bilim vallah, bilmirəm ki" cavabını verib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

***

İkisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayır.

Redaktor.az xəbər verir ki, ilin ən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

İş üzrə hazırlıq iclası keçirilir, yəni işə mahiyyəti üzrə baxılmır. Məhkəmə Əhmədin anket məlumarları ilə tanış olur, ilkin dinləmələr keçirilir.

25 yaşlı Əhmədin prosessual fəaliyyət qabiliyyəti olmadığından qohumu Əhmədov Elçin Məhərrəm oğlu onun hüquqi varisi kimi tanınıb. İclas birazdan başlayacaq.

Qeyd edək ki, Ə.Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib.

Prokuror Əhməd barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün məhkəməyə qərar göndərib. Məhkəmə də eyni qənaətə gələrsə, Əhməd cinayət məsuliyyətindən azad ediləcək, məcburi müalicəyə göndəriləcək.