“Şirinliy”ə görə etiraz edən həkim belə CƏZALANDIRILDI

 12:50 29.06.2024     369

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sosial şəbəkələrdə Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunması ilə bağlı görüntülər yayılmışdı. Görüntüdəki şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.

Redaktor.az xəbər verir ki, sözügedən görüntülərdə əks olunan hadisə ilə bağlı TƏBİB tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.

Araşdırmanın yekun nəticələrinə əsasən, Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Məmmədova Sevinc Malik qızının əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib. 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə sözügedən müəssisə rəhbərinə neqativ hallarla mübarizə ilə bağlı ciddi tapşırıqlar verilib.

Xatırladaq ki, 19.06.2024-cü il tarixində saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş icrası üçün 4 saylı Doğum evinə müraciət edib. Doğum şöbəsinin həkimi mama-ginekoloqu Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.