Keşlədə hərbi sursatlar aşkar edildi - VİDEO

 11:17 30.06.2024     341

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 192 ədəd 7,62 mm-lik LPS mərmi, 74 ədəd 7,62 mm-lik PS mərmi, 166 ədəd 5,45 mm-lik PS mərmi və 2 ədəd AKM güllə darağı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.