Diş həkiminə aparılanda ölən uşaqla bağlı - Rəsmi açıqlama

 22:53 02.07.2024     276

Bu gün günorta saatlarında 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasına 2019-cu il təvəllüdlü Vəkilli Mirbəhram Mirqulam oğlu hər iki valideyni ilə birgə müraciət edib.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, müvafiq müayinələrdən sonra ona tibbi xidmət göstərilib, uşaqda yuxarı azı dişinin periodontiti diaqnozu ilə dişin əməliyyatı həyata keçirilib.

Məlumata görə, azyaşlı dişin ekstraksiyası sonrası anafilaktik şok keçirib:

“Ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb.

Lakin uşağın valideyni təcili tibbi yardım briqadasının gəlməsini gözləmədən uşağı yaxınlıqdakı bir neçə özəl klinikaya aparıb. 

Qeyd edək ki, təcili tibbi yardım briqadası protokol üzrə çağırışdan 15 dəqiqə sonra tibb müəssisəsində olub.

Bir neçə özəl tibb müəssisəsi uşağı qəbul etməkdən imtina etdiyi üçün valideynləri onu Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə gətirib.  Aparılmış reanimasiyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb”.

Ailənin bildirdiyinə görə, azyaşlıda ürək qüsuru və autizm sindiromlu olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.