Xəstəxanada əkizlərdən biri yoxa çıxdı – FOTO

 17:57 15.07.2024     600

Bir neçə gün öncə Citypost.az saytı Kliniki Tibbi Mərkəzində (Semaşko) dünyaya gələn əkiz uşaqlardan birinin yoxa çıxmasına dair xəbər yaydı.

Məlumata görə, Mədinə Hacıyeva ad-soyadlı qadına hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də, doğuş zamanı ona yalnız bir uşaq verilib. Bu məsələ ictimaiyyətdə ciddi narazılığa və narahatlığa səbəb olub.

Bundan başqa, sosial şəbəkələrdə uşaqların əkiz olduğunu sübut edən sənədin fotosu yayılıb. Hər kəsi eyni sual düşündürür: ikinci uşaq hardadır?

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı globalinfo.az-a klinikadan yayılan fotodan xəbərdar olduqları bildirilib.

Sorğuya cavab olaraq :

“Həmin sənədi görmüşük. Hazırda məsələ ilə bağlı araşdırma aparırıq. Nəticəsi barədə də açıqlamamız olacaq”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu hazırda araşdırma apardıqlarını bildirib:

“Baş verən hadisə diqqətimizdədir və bununla bağlı araşdırma yekunlaşdıqdan sonra geniş məlumat verəcəyik. Məsələ olduqca ciddidir. Bunu qəti boş buraxmaq olmaz. Uşağın yoxa çıxması xəbəri öz təsdiqini tapdıqdan sonra anaya əlimizdən gələn dəstəyi göstərəcəyik, nə lazımdır, edəcəyik. Uşaqların əkiz olmasına dair sənəd yayılıb. Sözsüz ki, araşdırmaq lazımdır. Biz hər zaman hüquqa söykənirik. Artıq bu işlə bir çox qadın təşkilatları, xanım hüquqşünaslarımız yaxından maraqlanır. Sözsüz ki, nəticə əldə etmək üçün çalışırıq. İmkan vermərik ki, bu məsələ ört-basdır edilsin. Həqiqət nədirsə, üzə çıxaracağıq”.