DİN-dən sosial şəbəkədə gündəm olan video ilə bağlı AÇIQLAMA

 13:27 17.07.2024     312

Sosial şəbəkələrdə MMA döyüşçüsü, polis kapitanı Bəxtiyar Abbasovun da olduğu deyilən görüntülər yayılıb. Dünya çempionu Bəxtiyar Abbasovun vətəndaşın cibinə narkotik maddə atdığı iddia olunub. Daha sonra münaqişə yaranıb, ətrafdakı şəxslərin ərazidə toplanmasından sonra tərəfləri ayırmaq mümkün olub.

DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı Redaktor.az-a bildirib ki, görüntülər 5 il öncə Sabunçu rayonunda qeydə alınıb:

“Ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb. 

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb. 

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir”.