Azərbaycanda dekan müavini tikintidə yıxılaraq faciəvi şəkildə öldü - FOTO
AzMİU-nun müəllimi F.Quliyev faciəvi şəkildə dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib. Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonunu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, mərhum Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb olunduğu mütəxəssis olub.
Qeyd edək ki, Quliyev Fövzü Manaf oğlu 1976-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində (indiki Ciçəkli) anadan olub. 1994-1998-ci illərdə AzMİU-nun İnşaat Fakültəsində “Şəhər bələdiyyə tikintisi və təsərrüfatı” ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib və hərbi xidmətə yolanıb.2001-ci ildə hərbi xidmətdən ehtiyyata buraxıldıqdan sonra AzMİU-nun“Şəhər bələdiyyə tikintisi və təsərrüfatı” kafedrasında baş laborant vəzifəsinə işə qəbul edilib. 2002-ci ildən başlayaraq əvvəl saat hesabı müəllim, sonra assistent kimi fəaliyyətini davam etdirib. 2012-ci ildə doktoranturaya qəbul olub və 2017-ci ildə “Deformasiya modeli əsasında əyilməyə işləyən dəmirbeton elementlərinin gərginlikli deformasiya halı” mövzusunda dissertasiya işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
F.Quliyev 2013-cü ildən “Bina və qurğuların istismarı və rekonstruksiyası” kafedrasında baş müəllim, 2021-ci ildən isə “İnşaat konstruksiyaları” kafedrasında dosent vəzifəsində çalışıb. 2022-ci ilin mart ayında isə “İnşaat” Fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilib.
O, bu dövr ərzində 40-a yaxın elmi məqalənin, 3 tədris proqramının, 2 dərslik və dərs vəsaitinin müəllifi olub, həmçinin bir çox yerli və beynəlxalq konfranslarda müxtəlif mövzularla çıxış edib.F.Quliyev respublikamızda yüksək ixtisaslı peşəkar mütəxəssis kimi bir sıra Elmi-Tədqiqat İnstitutları və dövlət qurumları ilə əməkdaşlıq edib.Ailəlidir, bir oğulu, bir qızı var.