Psixiatriya xəstəxanasında xəstəni ölümcül döyüblər?

 22:45 14.08.2024     297

Daxili İşlər Nazirliyi 1 saylı Maştağa Psixiatriya xəstəxanasında döyüldüyü iddia edilən şəxslə bağlı görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə Elkin Kərimli adlı istifadəçi atası olduğunu bildirdiyi şəxsin görüntülərini yayıb.

O iddia edib ki, atasını 1 saylı Maştağa Psixiatriya xəstəxanasında ölümcül döyüblər.

"Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi?"

Elkin Kərimli qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyüblər: "Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, "skoru" çağırmışıq gəlib aparmırlar, "skoru" deyir ki, xəstə ölür, evə getsin. Belə şey olar?

Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq" (apa).