“Qubad İbadoğlu çöldə kef edir, bu, həbsdə qalıb”
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və onunla birlikdə mühakimə edilən Anar Əliyevin məhkəməsi başlayıb.
Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda müttəhimin şəxsi məlumatları dəqiqləşdirilib.
Qasımovun vəkili Rövşanə Rəhimli seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Vəkil vəsatətini əsaslandırarkən deyib ki, müvəkkili 60 gündür aclıq aksiyası keçirir. Bu səbəbdən səhhətində problemlər yaranıb. Bir neçə gün əvvəl də müalicə edilməsi üçün Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Vəkil müttəhimin istintaqdan yayınmaq fikrinin olmadığını və digər əsasları da məhkəmənin diqqətinə çatdırıb.
Vəsatət təqsirləndirilən şəxsin özü və digər vəkili Telman Qasımov tərəfindən müdafiə edilib. Vəkil Qasımov vəsatətə əlavə edərək bildirib ki, Qubad İbadoğlunun azadlığa buraxıldığı halda Fazil Qasımovun hələ də həbsdə qalması başa düşülən deyil: “Bu işdə əsas fiqur Qubad İbadoğludur. Amma o bu gün azadlıqdadır. Bu iş ümumiyyətlə istintaqa qaytarılmalıdır. Qubad İbadoğlu çöldə kef efir, bu, həbsdə qalıb”.
Fotoda Fazil Qasımov
Fazil Qasımov müalicə müəssisəsindən baş prokuror Kamran Əliyevə müraciət edib. Qasımov müraciətində istintaqın əvvəlində verdiyi ifadələrdən imtina etdiyini, işinin düzgün araşdırılmasına nazarət edilməsini xahiş edib.
Təqsirləndirilən A.Əliyev isə heç bir vəsatət qaldırmayıb.
Fazil Qasımov özü də iki vəsatət qaldırıb. Qasımov əvvəl onunla birlikdə ittiham olunan professor Qubad İbadoğlunun cinayət işinin onun işindən ayrılmasından narazıdır. Onun ilk vəsatəti də bu barədədir. Qasımov cinayət işinin ayrılması ilə bağlı həmin qərara etiraz edib, ləğv edilməsini istəyib: “Mənə də, Qubad İbadoğluna da verilmiş ittiham ondan ibarətdir ki, biz birgə cinayət törətmişik. İş materiallarında yazır ki, mən Türkiyədə İbadoğluna saxta pullar vermişəm. Bundan başqa, iddia olunur ki, mən, İbadoğlu və Anar telefonla görüntülü danışmışıq. Belə olan halda birgə mühakimə edilməli deyilik? Xahiş edirəm, cinayət işlərinin ayrılması ilə bağlı qərar ləğv edilsin”.
Təqsirləndirilən alim cinayət işinə xitam verilməsi ilə bağlı da vəsatət qaldırıb.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra cinayət işinin istintaqa qaytarılması və qətimkan tədbirinin dəyişdirilməsi ilə vəsatətlərin rədd edildiyini bildirib. Baş prokurora ünvanlanan müraciət isə işə əlavə edilib.
İlk baxış iclası avqustun 29-na təyin edilib.
Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir (qafqazinfo).