Sürücü səhlənkarlığı yolda hər zaman ciddi təhlükədir - DİN-dən ÇAĞIRIŞ

 15:06 23.08.2024     412

Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bilirilib.

Qeyd olunub ki, ötən gün, saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ələt qəsəbəsindən keçən hissəsində Sabirabad rayon sakini Elmir Əhmədovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili qarşıda gedən “Mercedes” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusda olan bir azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yük avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda törətdiyi ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.

2