“Bandotdel”in həbs etdiyi jurnalistin məhkəməsi başlayır
Gəncə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilən dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə başlayıb.
Redaktor.az gununsesi.info-ya istinadla xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Bakıdakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalist Gəncəyə etap edilməyib.
Onlayn qaydada məhkəməyə qoşulan Ərşad İbrahimov bildirib ki, ittiham aktı ona verilməyib və prosesə Gəncədə qatılmaq istəyir.
Onun ittiham aktı ilə tanış olmaması barədə dedikləri isə hakimi təəccübləndirib.
Hazırlıq iclasını təxirə salan məhkəmə prosesi ayın 20-nə təyin edib.
Ərşad İbrahimov onu da deyib ki, həbsdə olduğu müddətdə istintaq orqanı tərəfindən onun hüquqları pozulub.
Qərara alınıb ki, Ərşad İbrahimov Gəncəyə etap edilsin və ittiham aktı ilə tanış olsun.
Ərşad İbrahimov ittihamları rədd edir.
AŞ PA Ərşad İbrahimovu 2023-cü ildə həbs edilən jurnalistlər siyahısına daxil edib.