Şəkidə təmirə gələn avtomobil yanaraq yararsız hala DÜŞDÜ

 22:40 06.09.2024     238

Şəkidə avtomobillərin təmiri servisində yanğın olub, təmirə saxlanılmış minik avtomobili yanaraq yararsız hala düşüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında Şəki şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv/m olan və 9 avtomobil təmiri sexindən ibarət servisdə baş verib.

Yanğın servisin sexlərindən birində təmir üçün qoyulmuş rayon sakini Rafiq Qüdrət oğlu Həsənova məxsus minik avtomobilində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikları və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları və sexin tavan hissəsi yanıb.

Bitişik tikilən digər sexin isə tavanı 5 kv/m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.