Naxçıvanın bu ərazilərində yanğın baş verdi

 20:39 07.09.2024     230

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Babək şəhərində biçilmiş taxıl sahəsində və Şahbuz şəhərində "OKA" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu məlumatlar əsasında dərhal Babək və Şahbuz Rayon Yanğından Mühafizə hissələrinin əməkdaşları hadisə yerlərinə göndərilib.

Operativ şəkildə həyata keçirilən zəruri tədbirlər nəticəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və onlar qısa müddətdə söndürülüb.

Babək şəhərindəki yanğın nəticəsində 2000 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb, 3000 kvadratmetr isə yanğından qorunub. Şahbuz şəhərində isə minik avtomobilinin mühərrik hissəsi yanıb, lakin digər hissələri yanğından mühafizə edilib.