Azyaşlı qızını dəmirlə döyən ana xəstəxanaya YERLƏŞDİRİLDİ

 17:33 10.09.2024     585

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Xudat şəhərində 7 yaşlı qız anası tərəfindən zorakılığa məruz qalıb.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, hadisə ilə əlaqədar rəsmi qurumlar hərəkətə keçib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstə qarnın ön divarının çoxsaylı kəsilmiş yaraları, bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmələri və qançırları diaqnozu ilə daxil olub. Hazırda azyaşlının stasionar müalicəsi davam etdirilir.

Xaçmaz rayonunun Xudat qəsəbəsinin Mahmud Əbilov küçəsində valideyni Səyyarə Qurbanova tərəfindən şiddət görən yeddi yaşlı Zəhra televiziya kanallarında açıqlama verib. "Anam məni dəmirlə vurub. Mən yatmışdım, qardaşım gəldi ki, oynayaq. Mən də ona cavab olaraq dedim ki, yatmışam, o da mənə qışqıraraq cavab verdi, anam da gəlib məni döydü", - o qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, anası tərəfindən döyülən azyaşlı nəzarətə götürülüb. "Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - qurum rəsmisi əlavə edib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, hadisə ilə əlaqədar tibbi ekspertiza təyin edilib, ana sağlamlığı ilə əlaqədar ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.