Müəllim autizmli uşağa şiddət göstərib? - araşdırma başladı - VİDEO

 17:53 12.09.2024     156

Zaqatalada autizm sindromlu azyaşlının şiddətə məruz qalması ilə bağlı iddialar yayılıb. 

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, 3 yaşlı X. Həsənzadənin anası Vəfa Həsənova bildirib ki, hadisə Xəqani Psixoloji Reabilitasiya Mərkəzində baş verib.

“Qızım 9 aydır ki, Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar qəribə olmuşdu, öz-özünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma “ava” təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. Qızımı mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına da şikayət vermişəm”, - deyə ana bildirib.

Valideynin sözlərinə görə, həmin müəllim həmin vaxt işdən çıxarılsa da, indi yenidən işə alınıb: “Mənim narazılığımdan, şikayətimdən sonra müəllimə işdən çıxarıldı. Amma indi eşidirəm ki, onu təzədən işə götürüblər. Mənim xəstə uşağımı döyüblər, əlimdə görüntülər var, lakin günahkarlar cəzalandırılmır”. 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib: “Müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olması ekspertizanın rəyindən sonra məlum olacaq. Hazırda rayon polis şöbəsində istintaq araşdırmaları davam etdirilir”.

Məsələ ilə bağlı Xəqani Psixoloji Reabilitasiya Mərkəzindən "Qafqazinfo”ya bildirilib ki, görüntülər sürətləndirilmiş şəkildə yayımlanıb: 

“Hadisə iyul ayında baş verib. Bura şəhidin adını daşıyan mərkəzdir. 6 il ərzində əsla belə bir halla qarşılaşmamışıq. Uşaq bizim mərkəzdə 8 ay müalicə alıb. Daha sonra evdə yanıq xəsarətləri aldığı üçün mərkəzimizdə müalicəyə davam etmədi. Amma onu da deyək ki, uşaq artıq sağalmışdı. Valideynin təşəkkür videoları da var. İndi belə bir addım atmasına səbəb isə bizdən tələb etdiyi pulu ala bilməməsidir. Uşağını sağaltdığımız halda mərkəzimizdən pul tələb edir. Video sürətləndirilib. O görüntülərin əsli bizim əlimizdədir. Müəllim kameranın altında oturub necə belə bir şey edə bilər axı? Biz heç məsələni araşdırmadan şiddət məsələsini eşidən kimi o müəllimi işdən uzaqlaşdırdıq. Lakin daha sonra 21 valideyn mərkəzimizə gəlib bizdən tələb etdi ki, müəllimi işə qaytaraq. Buna səbəb isə onun həmin valideynlərin övladlarını müalicə edib sağaltması olub. Bütün bunlar şər-böhtandır”.