10 nəfərin öldüyü yanğınla bağlı 1 milyon manatlıq iddia QALDIRILDI

 18:05 12.09.2024     159

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.


Redaktor.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib.
Müttəhimlər T.İbrahimov və T.Rzayev özlərini təqsirli bilməyiblər. Təqsirləndirilən şəxslərin müdafiəçiləri buna görə ilk olaraq zərərçəkənlərin dindirilməsini istəyiblər.
Məhkəmə müraciəti qəbul edərək zərərçəkənləri və onların hüquqi varislərinin dindirilməsi barədə qərar qəbul edib.
Hadisə zamanı həlak olan Adil Rüstəmovun atası Aydın Rüstəmov məhkəmədə mülki iddia qaldırıb. O, iddiasında təqsirləndirilən şəxslərdən onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
"Oğlum həmin zavodda Səyyar Ələsgərov adlı şəxsin obyektində qeyri-rəsmi işləyib. Amma faktiki olaraq zavodda yanğın təhlükəsizliyi ilə bağlı cavabdeh təqsirləndirilən şəxslər olub. Mən onlardan bir milyon manat təzminat istəyirəm", - deyə o bildirib.

A.Rüstəmov ifadəsində onu da qeyd edib ki, məsələ ilə bağlı tərəflərlə ünsiyyətdə olub, lakin onların təklifi onu qane etməyib.

Vəkillərdən biri deyib ki, ki, zərərçəkənləri işə Səyyar Ələsgərov götürüb, iş üzrə adı çəkilən şəxs də məsuliyyətə cəlb olunmalıdır.

Dövlət ittihamçısı isə vəkilə etiraz edərək bildirib ki, sözügedən hadisə yanğın təhlükəsizliyi ilə bağlı baş verib, bu işə cavabdeh də təqsirləndirilən şəxslərdir.

Proses oktyabrın 3-də davam etdiriləcək.