Ailəsinin dağılmasında qayınanasını günahkar bilib - Şamaxıdakı qətlin TƏFƏRRÜATI
Bu gün səhər 6 radələrində Şamaxıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Redaktor.az qafqazinfo.az-a istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Elbrus Şeydayev bıçaqladığı kişi ilə qadının qızından yeni boşanıbmış.
Belə ki, bir neçə il əvvəl Elbrus Əlağa və Püstənin qızı ilə evlənsə də, onların övladı olmayıb. Bu səbəbdən ailədə söz-söhbətlər yaranıb və həyat yoldaşı Elbrusu tərk edib. E.Şeydayev isə arvadının onu tərk etməsində və ailəsində söz-söhbətlərin yaranmasında qayınanası 39 yaşlı Püstəni günahkar bilib. O, hər dəfə qayınanasının ailəsini dağıtdığını deyirmiş.
Bu gün səhər isə Elbrus avtomobillə Əngəxaran kəndində yol kənarında keçmiş qayınanası ilə qayınatasını görərək onları cəzalandırmaq qərarına gəlib. O, əvvəlcə 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirib. Daha sonra isə maşını ər-arvadın üstünə sürərək onların ölməsinə əmin olmaq istəyib. Bu zaman Ə.Hüseynov maşının təkəri altında qalaraq ölüb, P.Hüseynova isə zərbədən yayınaraq sağ qalıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.
Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.