Velosiped qəzalarında günahkar kimdir?
Bəzi yollarda velosiped və digər fərdi mobillik vasitələri üçün ayrıca zolaqlar çəkilib, buna baxmayaraq, yenə də velosiped sürücülərinin iştirakı ilə baş verən qəzaların sayı çoxdur.
Bəs bu cür qəzalarda günahkar kimdir: sürücülər, yoxsa velosipedçilər?
Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, velosipedçilərin vurulması ilə baş verən qəzaların bir qismində velosipedçilər də günhkar olur:
"Çox təəssüf ki, bizim bəzi vətəndaşlar xüsusilə avtomobil yollarında velosiped sürmənin qaydalarını bilmirlər. Avtomobil yollarında velosiped sürən şəxslər bilməlidirlər ki, həmin yollarda velosiped zolağı yoxdursa, velosipedi yolun sağ tərəfi ilə sürmək lazımdır. Eyni zamanda velosipeddə səs siqnalının, öndə və arxada isə fənərin olması şərtdir".
Ekspertin sözlərinə görə, avtomobil yolunda velosiped idarə olunursa, burada üstünlük avtomobildədir:
"Avtomobil sürücüləri də bəzən diqqətsiz olurlar. Yolda velosiped sürən vətəndaşların da hüquqları var. Avtomobil sürücüləri heç bir halda yollarda velosipedçiləri sıxmamalı və onlara qəza şəraiti yaratmamalıdırlar. Əksinə, imkan yaratmalıdırlar ki, velosipedçi qəza vəziyyətindən çıxa bilsin".
Sevinc İBRAHİMZADƏ