Bakıda tələbələr arasında qanlı dava - 1 nəfərə 5 xəncər zərbəsi VURULDU
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında kütləvi dava düşüb.
Redaktor.az baku.tv-yə istinadən xəbər verir ki, hadisə ötən axşam Xətai rayonu Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.
Belə ki, hadisə nəticəsində 19 yaşlı Elmir Nəsirov bədəninin 5 nahiyəsindən xəncər zərbəsi alıb.
Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.
Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub:
“2005-ci il təvəllüdlü şəxs oktyabrın 17-də saat 19:35-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ambulator olaraq müraciət edib və həkim-neyrocərrah tərəfindən müayinə olunub. Hər iki bud və sol baldır nahiyədə kəsilmiş-deşilmiş yara diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib. Pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub”.
Ətraflı videomaterialda: