Toy karvanında dəhşətli qəza: Beş nəfər öldü - VİDEO - YENİLƏNİB

 16:33 24.09.2024     132

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, yük və minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü Hüseynov Pərviz Allahşükür oğlu və 3 sərnişin hadisə yerində vəfat edib.

Bir nəfər isə xəsarət alıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, qəzaya uğrayan avtomobillərdən biri toy karvanına daxil imiş.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub.

***

Qəza nəticəsində ağır bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bununla da ölənlərin sayı 5-ə çatıb.

***

Yol qəzasında ölən 5 nəfərdən 4-nün şəxsiyyəti müəyyənləşib.

Əldə etdiyimiz məlumata görə, hadisədə “Man” markalı yük avtomobilinin sürücüsü Mehtiyev Namus Bayram oğlu ciddi xəsarət almayıb.

“VAZ”ın sürücüsü, 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu, sərnişinləri - 1993-cü il təvəllüdlü Hüseynova Lalə Akif qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı hadisə yerində, digəri isə xəstəxanada vəfat edib.

Ölənlərdən sürücü Pərviz Hüseynovun və digər şəxsin hərbçi olduğu bildirilir.

Hazırda dünyasını dəyişən 5-ci şəxsin kimliyi dəqiqləşdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünün sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.