Fazil Mustafa onu güllələyənin ömürlük həbsini istəyir
Fazil Mustafa cinayətində təqsirli bilinən dəstə üzvlərinin apellyasiya şikayətləri üzrə baxış başlayıb.
Redaktor.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda hakimlər müttəhimlərin anket məlumatları ilə tanış olublar. Onlara hüquq və vəzifələri izah edilib.
Zərərçəkmiş millət vəkili Fazil Mustafa da hökmdən şikayət verib. F.Mustafa onu güllələyən Səbuhi Şirinova verilmiş 20 il azadlıqdan məhrumetmə cəzasından narazıdır. O, Şirinovun ömürlük məhkum edilməsini istəyir. Bu instansiyada da deputatı nümayəndəsi Əjdər Əhmədov təmsil edir.
Təqsirləndirilən şəxslər isə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmırlar. Onlar şikayət ərizələrində hökmün dəyişdirilməsini xahiş edirlər.
Tərəflərdən bəzilərinin vəkilləri məhkəmədə iştirak etməyib. Bu səbəbdən ilkin baxış iclasının davamı oktyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt da millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər (Qafqazinfo).