"Gündəlik Bakı" qəzetinin həbsdə olan rəhbərinin məhkəməsi keçirildi

 15:05 08.10.2024     278

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesində təqsirləndirilən şəxsin vəkilləri məhkəmə qarşısında vəsatətlər qaldırıb.

Vəkil məhkəmənin təqsirləndirilən Habil Vəliyevin "Gündəlik Bakı" internet qəzetinin rəhbəri olub-olmadığı müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu göndərilməsi ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı cinayət işində olan sənədlərin tədqiq olunmadığını əsas gətirərək hazırkı mərhələsində vəsatətin baxılmamış saxlanılmasını istəyib.

Hakimlər yerində müşavirə edərək vəsatətə məhkəmənin növbəti mərhələsində baxılacağı ilə bağlı qərar qəbul edib.

Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

Prosesdə zərərçəkən şəxs ifadə verib.

Zərəçəkən Rövşən Pənalıyev təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini, amma şikayətçi olmadığını bildirib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilməyib.

Məhkəmə prosesi oktyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.
Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.