Kabab üstündə adam öldürən şəxsə hökm OXUNDU
Keşlə qəsəbəsində kababçını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Rəhman Qəhrəmanova hökm oxunub.
Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət təqdim edib.
O, bildirib ki, cinayət işinin sənədlərində mövcud olan çatışmazlıqlarla əlaqədar cinayət işini araşdırmış müstəntiq Orxan Babayevin çıxışlar mərhələsində dindirilməsini istəyib. Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu və vaxtı uzatmaq üçün təqdim olunduğu bildirərək təmin edilməməsini istəyib.
Məhkəmə yerində müşavirə edərək vəsatətin təmin olunmamasını qərara alıb. Buna səbəb kimi, vəsatətdə göstərilən halların məhkəmədə araşdırılması göstərilib.
Təqsirləndirilənin vəkili daha bir vəsatət verərək yenidən ekspertiza keçirilməsini istəyib.
Məhkəmə yerində müşavirə edərək qərara alıb ki, bu vəsatət də təmin edilməsin. Çünki, artıq bu hallarla bağlı etirazlara qiymət verilib.
Daha sonra Rəhman Qəhrəmanovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsin zərərçəkəni öldürmək niyyəti olmadığını, bıçağın kiçik ölçüdə olduğunu və təqsirləndirilən şəxsin həmin vaxt içkili olmasının nəzərə alınmasını istəyib. Məhkəmədən ədalətli qərar verilməsini xahiş edib.
Zərərçəkmişin hüquqi varisi və bacısı vəkilə etiraz edərək, bıçaqla xəsarət yetirmənin cəzasının qanunvericiliyə uyğun verilməsini və təqsirləndirilən şəxsin azadlığa buraxılmamasını istəyib. Bıçağın ölçüsünün nəzər alınmasının düzgün olmadığını bildirib.
Məhkəmənin növbəti mərhələsində Rəhman Qəhrəmanov son söz nitqi ilə çıxış edərək məhkəmədən ədalətli qərar verilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Rəhman Qəhrəmanov 120.2.2 maddəsi ilə təqsirli bilinərək 17 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Yaralı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Məlumata görə, A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Q. Qəhrəmanov kabab alarkən ona irad bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra küçədə rastlaşan tərəflər arasında yenidən mübahisə yaşanıb və məlum hadisə baş verib.
Rəhman Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb (unikal.az).