İcra Hakimiyyətinin 7 milyonluq tender verdiyi şirkət kimindir?
Sumqayıt Şəhər İcra Hakimiyyəti "Az-Tex-İmport" şirkətindən 6 930 000 manatlıq xüsusi təyinatlı texnika və konteynerlər alacaq.
Redaktor.az xəbər verir ki, şirkət icra hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
"Az-Tex-İmport" şirkəti 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2020-ci ilə qədər 10 manat təşkil edib. Həmin il nizamnamə kapitalı 22600 manat artılaraq 22 610 manat çatdırlıb. Lakin bir neçə ay sonra bu məbləğ yenidən 10 manata düşüb. 2022-ci ildə isə şirkət yenidən nizamnamə kapitalını artıraraq 22 610 manata çatdırıb.
Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşir. Şirkətin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur. Ondan əvvəl şirkəti Samir İbadullayevin qardaşı İlkin İbadullayev təmsil edib.
"Az-Tex-İmport" MMC həm də Sumqayıt Texnologiyalar Parkının rezident şirkətidir. Açıq mənbələrdə şirkət və qanuni təmsilçiləri haqqında heç bir məlumata rast gəlinmir.
Araşdırmalarımız zamanı məlum olub ki, Samir İbadullayev həm də "Arletta" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Az-Tex-İmport" şirkəti dövlət satınalmalarında fəal iştirak edir və adətən iri məbləğli müsabiqələrin qalibi seçilir (qaynarinfo.az).