"Öldürsək, mülkləri bizə qalacaqdı..." - Ərinin qətlini sifariş verən qadının MƏHKƏMƏSİ
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icraçıları - Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyevin məhkəməsi davam etdirilib.
Redaktor.az qaynarinfo.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.
Təqsirləndirilən Bəxtiyar Fərzəliyevin istintaqda verdiyi ifadəsi səsləndirilib. O, istintaqdakı ifadəsində bildirib ki, qətl zərərçəkmişin mülkünü ələ keçirməkdən ötrü olub:
"Öncələr Mehdi Məmmədli ilə işləyirdik. Daha sonra o, işdən çıxıb taksi sürücüsü olaraq işləməyə getdi. Lakin əlaqəmiz kəsilmədi. Çünki, eyni evdə yaşayırdıq. Bir dəfə görüşdüyümüz zaman Mehdi dedi ki, bir adamı əmlakına görə öldürmək istəyir. Biz də həmin an etirazımızı bildirdik. Söhbətlərimizdən birində Mehdi Məmmədli Əzizə Seyidova adlı qadınla münasibəti olduğunu bildirdi. Bizə dedi ki, onun əri var və Əzizəni incidir. Əlavə etdi ki, onu öldürsək, malı bizə qalacaq. Buna görə razılaşdım. Sonra onu öldürmək üçün plan qurduq. Əli Seyidlini öldürəcəyimiz yerə - onun evinin qarşısına baxmaq üçün əraziyə getdik.
Kameraların mövcudluğunu yoxladıq və hansı yolla gedəcəyimizi dəqiqləşdirdik. Bir neçə gün sonra Elvinlə görüşdük, o da əraziyə baxdığını bildiri. Onun da bu plana etirazı olmadı. Sonra ümumi qərarlaşdırıb plan üzrə hərəkət etdik və evin qarşısında Əlini gözlədik. Onun işdən qayıtma vaxtını bizə Əzizə demişdi. Əli Seyidli gələn kimi ona hücum etdik və onu yerə yıxıb çoxsaylı bıçaq zərbələri vurduq. Bundan sonra oradan qaçdıq. Arxaya dönüb baxanda gördüm ki, o, qalxmağa çalışır. Daha sonra nə olduğunu görmədik. Bir müddət sonra gedib törətdiyim əməli polis bölməsində etiraf etdim".
Bəxtiyar Fərzəliyevin istintaqa verdiyi ifadə ilə məhkəmədə söylədikləri ziddiyət təşkil edib.
Təqsirləndirilən şəxs bildirib ki, o ifadə verməyib, sadəcə imzalayıb. Bu zaman dövlət ittihamçısı Bəxtiyar Fərzəliyevə məhkəmə istintaqında iradını niyə bildirmədiyini soruşub.
Təqsirləndirilən şəxs Mehdi Məmmədlinin ifadəsinin kopyasını imzaladığını iddia edib. Bəxtiyar Fərzəliyevin iddiası ilə bağlı istintaqa verdiyi ifadəsinin yerində yoxlanması üçün çəkilən video məhkəmədə göstərilib. Videoda onun cinayətin təfərrüatları izah etdiyi əks olunub. B.Fərzəliyevin istintaq ifadəsi ilə videoda dedikləri üst-üstə düşüb.
Təqsirləndirilən şəxs buna da etiraz edib.
Prosesin davamında digər təqsirləndirilən Mehdi Məmmədlinin ifadəsi səsləndirilib. Onun hadisə ilə bağlı dedikləri B.Fərzəliyevin ifadəsi ilə eynilik təşkil edib.
M.Məmmədlinin istintaqa verdiyi ifadədə Əzizə Seyidovanın ona ərini öldürməsi qarşılığında Əli Seyidlidən keçəcək mülkü satıb onlara aralarında bölüşdürməsi üçün verəcəyini deyib.
Mehdi Məmmədli etiraz edərək heç bir mülk istəmədiyini, bu əməli qarşılıqsız törətdiyini söyləyib.
İfadənin səsləndirilməsi bitdikdən sonra Əzizə Seyidova vəsatət qaldıraraq mülk iddiasının yanlış olduğunu iddia edib:
"Bu işdə heç bir mülkdən söhbət gedə bilməz. Mənim yoldaşımın evində qeydiyyatım olmayıb. Bizim evimizin heç çıxarışı da yoxdur. Xahiş edirəm, bu məsələyə yenidən baxılsın".
Mehdi Məmmədli də vəsatətlə çıxış edərək istintaq zamanı yanında vəkil olmadığını bildirib və hüquqlarının qorunmasını istəyib.
Məhkəmə yerində müşavirə edərək vəsatətlərin baxılmamış saxlanılmasını qərara alıb. Növbəti iclas 5 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə bu il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər.
2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.
Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər. M.Məmmədlinin ifadəsində məlum olub ki, o əvvəllər Rusiyada cinayət törətdiyinə görə iki dəfə məhkum edilib. O, Ə.Seyidovanı keçmiş həyat yoldaşı vasitəsilə tanıdığını, ərinin ona zülm verdiyini eşitdiyini deyib.