“Monte Karlo”da ofisiantların müğənnini bıçaqlamasının TƏFƏRRÜATLARI

 13:46 14.10.2024     173

Bakıda məşhur şadlıq saraylarından olan “Monte Karlo”da müğənnini bıçaqlayan ofisiantlar cinayət məsuliyyətinə cəlb edilib.

Redaktor.az xəbər verir ki, hadisə ötən ilin yayında şadlıq sarayında keçirilən toydan az sonra baş verib.

Nizami Rayon Məhkəməsi bir neçə gün əvvəl hadisəni törətmiş şəxslərə hökm oxuyub.

Bildirilib ki, şadlıq sarayında aparıcı-müğənni kimi fəaliyyət göstərən Murad Musayev ilə oranın ofisiantları arasında mübahisə yaranıb. Belə ki, sərxoş olan ofisiantlardan birinin ayağı stolun süfrəsinə ilişib, nəticədə üzərindəki qablar yerə tökülərək sınıb. Musiqiçi yoldaşları ilə toydan sonra yemək yeyən Murad onlara yaxınlaşaraq irad bildirib və münaqişə baş verib. Bu zaman 3 ofisiant onu kənara çəkib və müğənniyə bıçaq xəsarətləri yetirilib.

Hadisədən sonra şadlıq sarayının Əli və Zaur Əkbərov qardaşları, eləcə də Ümid adlı ofisiantlarına Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq-bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılıb.

Bıçaqlanan müğənni ifadəsində deyib: “2003-cü ildən toylarda aparıcı-müğənni kimi çalışıram. 2023-cü ilin aprelində Babək prospekti 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayında işə başlamışam. Ötən ilin iyulun 14-ü saat 17 radələrində o toy ziyafətində iştirak etmək üçün “Monte Karlo”ya getdim. Həmin gün saat 23:58-də toyu yekunlaşdırdım və Aytac adlı xanım müğənni, həmçinin saz ifaçısı Hikmət və üç nəfər fotoqrafla birgə öz masamızda əyləşib yeməyə başladıq. Bu zaman üzbəüz stolda əyləşmiş üç ofisiantdan biri masanın üzərinə yumruq vuraraq onu çevirdi”.

Zərərçəkmiş bildirib ki, sözügedən ofisianta irad bildirmək üçün ona yaxınlaşıb: “Masadakı bütün əşyalar döşəməyə dağılmışdı. Ona dedim ki, “çörək qazandığınız yerdir, niyə belə hərəkət edirsiniz?” Məni tanıyan ofisiantlar yaxınlaşıb dedilər ki, “spirtli içki qəbul ediblər, sən qarışma”. Bundan sonra bir söz deməyib oradan uzaqlaşdım. İnzibatçı qonorarımızı verdikdən sonra zalı tərk etdim”.

Müğənni qeyd edib ki, gecə saat 1 radələrində şadlıq sarayının qarşısında taksiyə minərkən həmin ofisiantlar ona yaxınlaşaraq kənara çəkiblər və Əli adlı gənc onu bel nahiyəsindən 2 dəfə bıçaqlayıb. Həmçinin döyərək burnunu sındırıblar.

Hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü Polis Şöbəsinə müraciət edildikdən sonra araşdırma aparılıb. Bakını tərk edərək Masallıya gedən Əli və Zaur saxlanılıb. Eyni zamanda hadisənin iştirakçısı olmuş Ümid adlı digər ofisiant da cinayət məsuliyyətinə cəlb edilib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə onlar qeyd edilən maddə üzrə təqsirli biliniblər. Əliyə 2 il 5 ay 26 gün, qardaşı Zaura 1 il 11 ay 28 gün, Ümidə isə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onların ayaqlarına elektron qolbaq taxılıb.