Rusiyada restoranda adam bıçaqlayan Ağcabədi sakininə HÖKM OXUNDU

 18:00 18.10.2024     241

Rusiyada bir nəfəri bıçaqlamaqda ittiham olunan Ağcabədi rayon sakini Davud Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Davud Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 15 iyul 2023-cü il gecə saatlarında Rusiya Federasiyasının Arxangelsk vilayətinin Koryajma şəhərində yerləşən “Randevu” restoranında baş verib. Təqsirləndirilən şəxs restoranda bir nəfərə çiyni ilə toxunub. Həmin şəxs ona yaxınlaşaraq bunun səbəbini soruşub. Buna görə mübahisə baş verib. Daha sonra mübahisə restorandan kənarda davam edib. Bu zaman bir neçə nəfər Davud Əliyevi döyüb. Davud Əliyev Nikolay Suxixə özünü müdafiə məqsədilə 4 bıçaq zərbəsi endirib.

Davud Əliyev hadisəni törətdikdən sonra Azərbaycana gəlib və burada saxlanılıb.

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini vurğulayıb və məhkəmədən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun cəza verilməsini istəyib.

Davud Əliyev Cinayət Məcəlləsinin 12.1, 29, 120.1-ci maddələri ilə ittiham olunub.