"Bundan xəbərim olmayıb" - Qarabağ əlilinə 47 min cərimə protokolu yazıldı - FOTO - VİDEO

 10:35 24.10.2024     202

Azərbaycanda minik avtomobilinin sahibinin ünvanına 47 min manata yaxın cərimə protokolu yazılıb.

Redaktor.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Bakının Qaradağ rayonunda yaşayan Habil Qurbanovun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olduğu üçün 2014-cü ildə ona dövlət tərəfindən minik avtomobili verilib. Bu ilin may ayında isə bildirilib ki, 99 HG 134 dövlət nömrə nişanlı həmin nəqliyyat vəsitəsinin 46 min 954 manat cəriməsi var və bu səbəbdən də duracağa yerləşdirilib.

“Bu ilin may ayında məni Yevlax postunda saxladılar. Dedilər ki, 46 min manat cərimən var. Mən bundan xəbərsizəm, mənə heç nə deyilmədiyi üçün xəbərim olmayıb. Maşını məndən alıb cərimə meydançasına apardılar”, - H. Qurbanov deyib.

Onun iddiasına görə, avtomobil duracağa yerləşdirilərkən ona bildirilib ki, 5 ildən sonra cərimə silinəcək və bundan sonra nəqliyyat vasitəsini götürə bilər.

 Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Habil Qurbanovun sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb.

Qurumdan deyilib ki, araşdırma zamanı Habil Qurbanovun törətdiyi yol əleyhinə olan hüquq pozmaları ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb.

***

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı da fikirlərini bildirib. O qeyd edib ki, Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olan Habil Qurbanovun törətdiyi yol əleyhinə olan hüquq pozmalarına görə 47 min manat cəriməsinin olması imtiyazlardan sui-istifadədir: "Əlilliyi olan şəxsin bu qədər xəta törətməsi, təkrar-təkrar hüquq pozuntuları ilə avtomobil idarə etməsi təhlükənin mahiyyətindən xəbər verir. Bu adam tək özünü, ailəsini düşünmür, bəs digər hərəkət iştirakçılarının həyat və sağlamlığını necə? Sual budur. Bu halları cəmiyyət qəbul etmir, çünki əməlin içində təhlükə var və bu təhlükəni yaradan adam hansısa formada törətdiyi əməllərə görə ictimai dəstək axtarır ki, cərimələr silinsin. Bu ola bilməz, qəbuledilməzdir, absurddur. “Əlil avtomobilidir”, - deyib nəqliyyat vasitəsinə ona-buna verib, qayda pozuntuları törədən şəxslər bilməlidir ki, törədilən yol əleyhinə olan hər bir hüquq pozuntusu ağır ictimai təhlükəli əmələ səbəb ola, cinayət baş verə bilər. Heç şübhəsiz ki, imtiyazlı şəxslərə cəmiyyətin bütün üzvləri kimi polis əməkdaşları da hörmətlə yanaşır. Həmin şəxsi indi polis əsaslı olaraq saxlayıb, avtomobili cərimə meydançasına yerləşdirməsi başadüşüləndir. Cəmiyyəti narahat edən odur ki, belə adamlar imtiyazlarından sui-istifadə edib təhlükə yaratmalı deyil".

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında: