Bakıda dəhşətli hadisə: Sevgilisinin azyaşlı övladını işgəncə ilə ÖLDÜRDÜ

 09:22 07.11.2024     236

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Yaşar Abbasovun bibisi şahid qismində ifadə verib.

O bildirib ki, qardaşı oğlu ona gecə saat ikidə zəng edərək tanışı olan qadının və övladının kirayədə qaldıqları evdən çıxarıldıqları barədə məlumat verib, buna görə də onlara gəlmək istədiklərini deyib:

"Səhərə yaxın gəldilər, onlara yer düzəltdim. Onlar qaldılar, mən getdim işə. Yaşara zəng edib dedim ki, yemək var soyuducuda, ver onlara. Uşağın ölümünü sonra eşitmişəm".

Şahidin bu ifadəsinə zərərçəkən İpək Əhmədovanın etirazı tərəflər arasında mübahisəyə səbəb olub. Buna görə də zərərçəkən hakimin göstərişi ilə məhkəmə zalından çıxarılıb.

Növbəti şahid Abdulla Abbasov isə Yaşar Abbasovla əvvəllər birgə həbsxanada olduğunu deyib. O, ifadəsində qeyd edib ki, hadisədən bir gün əvvəl İpək övladı ilə onlara gələrək qəzaya düşdüklərini, Yaşarın xəstəxanada reanimasiyada olduğunu deyib və gecələməyə yer istəyib:

"Axşam bizdə qaldılar. Sabah bildim ki, uşaq ölüb. Qəzada xəsarət aldığını dedi. Uşağın dəfn edilməsini istədi, mən isə bununla razılaşmayaraq təcili yardıma məlumat verdim".

Dövlət ittihamçısının: "Bu barədə polisə niyə məlumat vermədiniz?" - sualını isə şahid cavablandırmaqdan yayınıb. Bununla yanaşı, dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu vurğulayıb.

Zərərçəkən İpək Əhmədova isə şahidin yalan danışdığını deyərək onun uşağın ölümündən axşamdan xəbəri olduğunu deyib:

"Mən gecə onlarda uşağın öldüyünü görüb qışqırdım ki, Abdulla, uşaq rəhmətə gedib. Abdulla orada olan başqa dostu ilə birlikdə məni sakitləşdirərək səhəri gözləməyimi dedi".

Qeyd edək ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova "narkotik vasitələrin qanunsuz istifadəsi" maddəsi ilə həbsdədir.

Yaşar Abbasov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə cinayət işi açılaraq toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (oxu.az)