Polisə tabe olmayaraq özünə xəsarət yetirən sürücü və sərnişini SAXLANILDI
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Rəvan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıq cihazları nasaz olduğu üçün saxlanılıb.
BDYPİ-dən Redaktor.az-a verilən məlumata görə, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, R.Əhmədov məsuliyyətdən yayınmaq məqsədilə sərnişini Tayfun Nəcəfovla birgə polisə tabesizlik göstərib, özünə xəsarət yetirməklə süni gərginlik yaratmağa calışıb.
Tibbi müayinə zamanı hər iki şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Ərazi polis orqanına təhvil verilən R.Əhmədov barəsində müvafiq inzibati tənbeh tədbiri görülüb, üzərindən narkotik vasitə götürülən T.Nəcəfov isə məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.